TOP ULDUZLAR
Araz Hümbətli Fransada “Sarı gəlin” oxudu
Araz Hümbətli Fransada “Sarı gəlin” oxudu

Fransanın TF1 telekanalında yayımlanan “The Voice 5” müsabiqəsinin iştirakçısı olmuş azərbaycanlı müğənni Araz Hümbətli ötən gün Fransada, Mulhouse şəhərində konsert proqramı ilə çıxış edib.

Ulduzlar.Az xəbər verir ki, o, səhnədə Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i səsləndirib.

Qeyd edək ki, Bakıda dünyaya gələn Araz 2014-cü ildə Tuluza şəhərinə köçüb.

O, 2013-cü ildə “Mənim şizofreniyam” adlı psixodelik musiqi əsərini yazıb.

2014-cü ildə isə Camille Chaumereuil-in “Nous saluerons la lune” (“Biz Ayı salamlayırıq”) filminin orijinal musiqisini bəstələyib. 

Araz elə həmin ildə Tuluza şəhərində özünün The Preachers adlı blues-rok musiqi qrupunu yaradıb.

2015-ci ildə Lyon şəhərində sınaq olaraq Nuances musiqi qrupunu təşkil edib. Həmin il “Araz d’ArazÔzarA” ləqəbi ilə özünün “Nightmare Through The Pill of Happiness” adlı birinci albomu üzərində işləməyə başlayıb.

Onun “d’ArazÔzarA” ləqəbi Araz və Zara adlarının, yəni xarakterin iki tərəfinin, kişi və qadının, səma və torpağın birləşməsidir. 

2016-cı ildə isə o, özünü “The Voice 5” musiqi yarışmasında sınayıb.

“Wicked game” mahnısını tar ilə ifa edən azərbaycanlı öz səsi və bacarığı ilə auditoriyanı və münsiflər heyətini heyran qoyub.