TOP ULDUZLAR
Kənan M.M.: Hələ də o hərəkətimə inana bilmirəm – MÜSAHİBƏ
Kənan M.M.: Hələ də o hərəkətimə inana bilmirəm – MÜSAHİBƏ

Yəqin ki, bu yaxınlarda “YouTube” kanalında Kənan M.M.-in rejissorluğu və aktyorluğu ilə təqdim olunan “Qayıdış” filminin anonsunu izləmisiniz.

Film 9 il qürbətdə yaşayan, lakin həmin müddətdə öldüyü zənn edilən Cavadın vətənə döndükdən sonra keçmiş həyat yoldaşını uzaqdan izləməsi, yəni, bir ailə faciəsindən bəhs edir. Dram janrında çəkilib.

Aktyorlar Kənan M.M., Günəş Mehdizadə, Anar Heybətov, Azər Aydəmir, Samir Qulamovdur.

Ekran əsərinin rejissoru Kənan M.M., ssenari müəllifi  İlqar Fəhmi, bəstəkarNailə Mirməmmədli, operator Nadir Mehdizadə, montaj Tofiq Teymuroğlu, səs rejissoru Zamiq Babayevdir.

Qayıdış” filminin premyerası 14 apreldə keçiriləcək.

 

Ötən ay təqdim edilən filmin anonsu “YouTube” kanalında bu günədək 11 min baxış sayını keçib.

Bu məqsədlə tanınmış rejissor Kənan M.M.-in film haqqında təəssüratlarını öyrəndik.

ulduzlar.Az məşhur və sevilən rejissorun müsahibəsini təqdim edir:

- “Qayıdış” filminin ərsəyə gəlməsindən danışın...

- İlk növbədə onu qeyd edim ki, İlqar Fəhmi yaradıcılığının fəal oxucularından biriyəm. Onun bu əsərini 40% öz əlavələrimlə ssenariləşdirdim, amma ana xətt İlqar bəyin yazdığı kimi saxlanılıb.

-Filmin ilk premyerasından gözləntiləriniz nədir?

- Ümumiyyətlə, filmin taleyi qala gecəsində bəlli olur. Rejissor həmin gün olan reaksiyadan filmin gələcəyini anlayır.

- Çəkiliş zamanı çətinliklə alınan kadrlar hansılar idi?

- 47 dərəcə istidə, qızmar günəş şüaları altında yaşadıqlarımız, baş gicəllənmələr və s. (gülür).

- Çəkiliş əsnasında aktyorlarla tez-tez mübahisləriniz yaranırdı?

- Çəkiliş vaxtı mübahisə etmirəm, öz işimi başa salıb, aktyordan gözlədiyim nəticəni alana qədər tələb edirəm.

- Kənan M.M.-in rejissorluq, aktyorluq, şeir yazmaq, idman məşğuliyyəti kimi tərəflərinə bələdik. Bəs onun bilmədiyimiz daha hansı istedadı var?

- Futbolu çox sevirəm, hətta 15 yaşıma qədər peşəkar futbolla məşğul olmuşam. Komandanın qapıçısı olmuşam.

- Sizi ən çox nə təəccübləndirir, ya da heç təəccübləndirmir?

- Məni təəccübləndirmək artıq mümkün deyil.

- Nədənsə heyrətlənərək “içimdə bu hisslər var idi” dediyiniz anlar olubmu?

- Mənə təqdim olunan ssenarini oxuyanda, içimdəki tamaşaçı hissi ya bunu çək, ya da çəkmə deyir. Bütün yaradıcılığımı o hissin üzərində qururam.

- İndiyədək ən çılğın hərəkətiniz hansı olub?

- Məktəb illərində dərsdən qaçanda ikinci mərtəbədən tullanmağım. Hələ də o hərəkətimə inana bilmirəm.

- Həyatınız boyu ən çox nəyin peşmançılığını çəkmisiniz?

- Mən peşman olmuram. Mənə inanmayanları mənə inanmadıqları üçün peşman edirəm. Əlbəttə ki, burada söhbət sənətdən gedir.